XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
15 Aprel, 2021
Muzeydə ictimai-siyasi xadim Nəriman Nərimanova məxsus materiallar qorunur

15 aprel Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 151 illiyi tamam olur. Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Hədiyyələr və xatirə əşyaları fondlarında  ictimai xadim Nəriman Nərimanova məxsus yazı ləvazimatı (İnv.396), qəzet, jurnal və bir sıra foto materiallar qorunur.  Qeyd edək ki, həmin materiallar arasında Ali Pedaqoji İnstitutunun xəbərləri bölməsində İnstitutun təsisatının 3-cü il dönümünə həsrolunan sayında N.Nərimanovun müəllim və tələbələrə dərc olunmuş müraciəti (Bakı 1925-ci il. İnv.7/2) və Nəriman Nərimanov Həştərxanın ictimai xadimləri arasında fotosu ( İnv.253/1) yer alır .

Xatırladaq ki, 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinin qeyd edilmişdir.