XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
19 Aprel, 2021
Muzeydə fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu "Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsini davam etdirir

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı Muzeydə fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri dünya şöhrətli şairin yaşayıb-yaratdığı Gəncə şəhərinə ekskursiya ediblər.

Ekskursiya Muzey əməkdaşı Sahibə Ələkbərovanın rəhbərliyi ilə “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi çərçivəsində həyata keçirilib.

Ekskursiya zamanı Klubun üzvləri Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Rahib Hüseyinov və Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin direktoru Cumalik Rəhimov tərəfindən xoş qarşılanıb. S.Ələkbərova “Gənc muzeyşünaslar və muzeysevərlər klubu“nun üzvlərini nümayəndələrə təqdim etdikdən sonra qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq muzeyşünaslıq ixtisası üzrə ixtisaslaşan tələbələrin Milli Azərbaycan Tarixi Muzeyində bir araya toplanaraq 2017-ci ildən etibarən klub kimi fəaliyyətə başlaması, hər zaman muzeydə geniş tələbə auditoriyasının yaradılmasına və onların maariflənməsinə xüsusi diqqət ayıran muzeyin baş direktoru, akademik Nailə Vəlixanlının tələbələrə qayğısının nəticəsidir.

Gənc muzeyşünaslar öncə Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Onlara Nizami ziyarətgahı ilə bağlı ətraflı məlumat verilib. Nizami Gəncəvi ziyarətgahı ilə bağlı ətraflı məlumat alan tələbələr, məqbərənin yaxınlığında yerləşən Nizami Gəncəvi Muzeyini də ziyarət ediblər. Muzeydə direktor əvəzi olan Xəyalə Məmmədova gənc muzeyşünasları yüksək səviyyədə qarşılayaraq, onlara muzey haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, S.Ələkbərova Gəncə şəhərinə ekskursiya zamanı muzey rəhbərlərinə Milli Azərbaycan Tarixi Muzeyi adından Muzeyin elmi nəşrlərini təqdim edib və layihənin keçrilməsinə dəstək olan hər kəsə, xüsusilə Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova öz təşəkkürünü bildirib.