XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
17 May, 2021
Muzeydə “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olacaq

19 may 2021-ci il tarixində Muzeydə “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olacaq.

Hazırda sərgi üzərində son tamamlama işləri gedir. Belə ki, Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus olmuş eksponatlar əsasında qurulmuşdur.

Muzey əməkdaşları tərəfindən yüzlərlə şəhid və qazilərin ailələri ilə əlaqələr qurulmuş, onlardan real tarixi eksponatlar qəbul edilərək Muzeyə daxil edilmişdir. Eksponatların çoxluğu nəticəsində Muzeyin strukturunda dəyişiklik edilmiş və “Vətən müharibəsi fondu” yaradılmışdır ki, müharibəyə aid bütün növ eksponatlar bu fonda təhvil verilmişdir.

Sərgi xronoloji prinsip əsasında qurulmuşdur, yəni döyüş əməliyyatları xronoloji ardıcıllıqla, 27 sentyabr tarixindən başlayaraq nümayiş olunur. Eksponatları toplanmış şəhidlərin çoxluğunu və muzeyin sərgi məkanının məhdud olmasını nəzərə alaraq sərgi iki mərhələdə təşkil olunacaq: 1 yanvar – 15 mart tarixlərində əşyalar toplanmış ilk 101 şəhidin əşyaları hal-hazırda nümayiş olunur, 15 martdan sonra toplanmış eksponatlar isə iki aydan sonra vitrinlərdə yerləşdiriləcək.

Mayın 19-da açılışı nəzərdə tutulan sərgidə Tovuz döyüşlərinin iki qəhrəmanı (general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev), həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilmişdir.

Sərgidə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən təqdim edilmiş eksponatlar da nümayiş olunur.

Sərgidə həmçinin Ermənistan ordusundan qənimət götürülmüş hərbi geyim, ləvazimat, şəxsi sənədlər və s. nümayiş olunur.

Ümumilikdə sərginin eksponatları 30 vitrində nümayiş olunur.

Xatırladaq ki, “Anadır arzulara hər zaman Qarabağ” sərgsinin tərkib hissəsi kimi təşkil olunmuş “Ermənstanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə 44 günlük müharibə dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələrinin nəticələri, eləcə də 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə həyata keçirilmiş siyasəti nümayiş etdirən 7 fotoqrafın çəkdiyi 50 ədəd fotoşəkil və Gəncə və Bərdəyə vurulmuş raket zərbələrini nümayiş etdirən onlarla eksponat nümayiş olunur.

Beləliklə,  “Anadır arzulara hər zaman Qarabağ” sərgsinə baxış zamanı həm fotosərgi, həm də döyüş əməliyyatlarını göstərən sərgi ilə tanış olmaq mümkündür.

Sərginin açılış mərasimi karantin tələblərinə uyğun olaraq 2021-ci il mayın 19-da keçiriləcək.