Muzeydə 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Qarabağın sehirli xalçaları" adlı sərgi-tədbir keçirilib. Tədbir Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Muzey əməkdaşları, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının və Nəsimi rayon Texniki-Humanitar liseyin müəllim və şagird kollektivi iştirak edib.
Milli Azərbaycan Tarixi Muzeyinin qarşısına qoyduğu ümdə məqsədlərdən biri də gənc nəslin təlim-tərbiyəsində vətənpərvərlik hisslərinin oyanmasına təsir etmə mexanizmini sürətləndirməkdir. Bu gün tariximiz, mədəniyyətimiz bizə bir muzey qədər yaxındır. Müasir texnoloji yeniliklərlə təchiz olunan muzeyimiz ən qədim zamanlardan müasir dövrümüzədək Azərbaycan tarixini addım-addım izləmə, öyrənmə imkanı verir hər birimizə.
Muzey fəaliyyətə başladığı gündən indiyə kimi Azərbaycanın maddi, mədəni irsinin öyrənilməsi və qorunması, eləcə də təbliği və təşviqi işinə böyük önəm verib. Bu baxımdan şanlı ordumuz tərəfindən Ermənistan işğalından azad edilmiş Qarabağın qədim və zəngin mədəniyyəti də istisna təşkil etmir. Muzey həmişə Qarabağın maddi və mənəvi irsinə böyük diqqət ayırıb.
"Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsinin bu dəfəki sayı da Qarabağ xalçalarına həsr edilib. S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının və Nəsimi rayon Texniki-Humanitar liseyin şagirdləri Muzeydə qorunan, Qarabağın mədəni irsini özündə ehtiva edən xalçaların şəklini çəkib və bu şəkillər Muzeydə keçirilən "Qarabağın sehirli xalçaları" adlanan sərgi-tədbirdə nümayiş olunub.
Tədbiri Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi açıq elan etdi. O,18 may Beynəlxalq Muzeylər Günü haqqında ətraflı məlumat verdi. Sonra Muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin müdiri t.ü.f.d., dosent Gülzadə Abdulova və Muzeyin "Təsviri materiallar" fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova çıxış etdi. Onlar öz çıxışlarında Qarabağda xalçaçılığın yaranma tarixindən, xalça sənətinin Azərbaycan xalqının qədim sənət növlərindən biri olaraq mədəniyyətimizin tərkib hissəsi olduğundan, əsrlərdən bəri inkişaf edən Qarabağ xalçaçılığının çeşidli xalça növlərindən bəhs etdilər.
Daha sonra çıxış edən "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsinin rəhbəri - Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı layihənin məqsədinin məktəblilərə tarixə dair yeni biliklər vermək, hobbilərinə, gələcək peşə seçimlərinə yardım etmək və yenilik qatmaq olmasını vurğuladı.
Sonda iştirakçılara təşəkkürnamələr təqdim olundu.