XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
18 May, 2021
Muzeydə “18 may Beynəlxalq muzeylər günü”nə həsr olunmuş vebinar keçirildi

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü dünyada hər il 18 may tarixində müəyyən deviz altında qeyd olunur. Qeyd edək ki, bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusuna həsr olunub. Bununla əlaqədar muzeylər, muzey mütəxəssisləri və icmaları mədəniyyət müəssisələri bir sıra tədbirlər keçirir.

Belə ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Göyçay Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “18 may Beynəlxalq muzeylər günü”nə həsr olunmuş "COVİD 19 pandemiyası dövründə Muzey, arxiv və kitabxanaların işinin təşkili” adlı vebinar keçirildi. Vebinar Zoom platforması üzərindən onlayn həyata keçdi.

Vebinar əsasən 2020-ci ilin əvvəllərindən etibarən bütün dünyanı bürüyən COVİD-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanalarda iş fəaliyyətinin istiqamətləri, elmi işlərin aparılması, ekspozisiya və sərgilərin qurulması zamanı yaranan çətinliklər, oxucularla işin təşkili və bu kimi mövzulara həsr olunmuşdur.

Tədbirin moderatoru Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Zümrüd İsmayılova iştirakçıları salamlayıb təqdim etdi. Z.İsmayılova bu günün tarixçəsi haqqında ətraflı məlumat verdi.

Vebinarı giriş sözü ilə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı açdı. N.Vəlixanlı Muzeydə pandemiya dövründə görülən işlərdən və sərgilərdən danışdı. Qeyd etdi ki, texnologiyanın inkişaf etdiyi bir dövrdə pandemiya Muzeylər üçün əngəl olmamalıdr. Həmçinin akademik bildirdi ki, Muzeylər bağlı olduğu müddətdə muzey işçilərinin ən əsas fəaliyyət istiqamətləri video mühazirələr, uşaqlar, böyüklər, tələbələr və müəllimlər üçün müxtəlif maarifləndirmə resurslarının, muzeyin rəqəmsal kolleksiya resurslarının təqdimatını həyata keçirmək olub. Mövcud karantin şəraitinin muzeylərə əsas mənfi təsirləri ziyarətin dayandırılması, normal iş fəaliyyətinin pozulması, layihələrin təxirə salınması sayıla bilər. Müsbət təsiri isə muzeylərin onlayn fəaliyyət sahəsində təcrübə qazanması, onlayn şəkildə maarifləndirmə işinin genişləndirilməsi, elmi araşdırmalar üçün daha çox vaxtın olması, koronavirusun yayılmasının qarşısının alınması və s.dir.

Daha sonra Muzeyin elmi işlər üzrə direktor müavini t.e.d. Nərgiz Əliyeva çıxış etdi və pandemiya dövründə muzeyin öz işini karantin dövrünün tələblərinə uyğunlaşdırdığını bildirdi. N.Əliyeva qeyd etdi ki, pandemiyadan sonra muzeylər öz normal iş rejiminə qayıtmaqla yanaşı, onlayn fəaliyyəti daha da gücləndirməyi, bu istiqamətdə yeniliklər etməyi planlaşdırır. Həmçinin 19 may 2021-ci il tarixində Muzeydə keçiriləcək  “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı barədə ətraflı məlumat verdi. Eyni zamanda tədqiqatçı alim N.Əliyeva muzey, kitabxana və arxivlərdə pandemiya dövründə müasir tendensiyalara uyğunlaşma, tədqiq və təbliğ məsələlərinin təşkili problemlərindən bəhs etdi.

Daha sonra Muzeyin Etnoqrafiya fondunun müdiri t.ü.f.d. Sevinc Nəsirova “Pandemiya dönəmində Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyət istiqamətləri” adlı məruzə ilə çıxış etdi. Tədqiqatçı alim S.Nəsirova slayd vasitəsi ilə pandemiya dövründə Muzeydə keçirilmiş sərgilərdən, bir sıra elmi-kütləvi tədbirlərdən, Muzey nəşrlərindən söz açdı. Həmçinin pandemiya dövründə sosial şəbəkə səhifələrimizdə muzeyin nəşrlərini, eksponatlar haqqında maraqlı elmi məlumatları özündə əks etdirən məqalələr, kiçik mətnlər və ya əlamətdar tarixi günlərlə bağlı videoçarxlar yerləşdirildiyini xüsusi vurğuladı.

Növbəti çıxışlar regionlar üzrə həyata keçdi.  Arxeologiya və Etnoqrafiya Muzeyinin direktoru t.ü.f.d. Fərhad Quliyev, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini Sahib Şükürov, Göyçay Mərkəzi Kitabxanasının direktoru  Nərmin Xəlilova, Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Humay Zülfiqarova, R.Rzanın ev muzeyinin direktoru Solmaz Həsənova, Neftçala Tarix Diyarşünaslıq Muzeyinin aparıcı elmi işçisi Aygün Əzizova, Şəmkir Rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Günel Rzayevanın vebinar mövzusuna uyğun olaraq pandemiya şəraitində muzeylərin, arxivlərin, kitabxanaların fəaliyyəti barədə çıxışları dinlənildi.

Vebinarın sonunda tədbir iştirakçıları “18 may Beynəlxalq muzeylər günü” münasibətilə bir daha təbrik edildi və gələcək fəaliyyətlərində uğurlar arzulandı.