Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı keçirildi. Belə ki, Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus olmuş eksponatlar əsasında qurulmuşdur. Açılış tədbiri karantin şəraitini nəzərə alaraq məhdud sayda iştirakçı ilə təşkil edilmişdir.
Sərginin açılış mərasimini giriş sözü ilə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı açdı. N.Vəlixanlı qeyd etdi ki, Sərginin keçirilməsində məqsəd Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış etdi. Akademik AMEA Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni əbədiləşdirmək üçün yaradılmış Vətən müharibəsi fondunun böyük təşəbbüs olduğunu və bu səbəblə Muzeyin baş direktoru Nailə Vəlixanlıya öz minnətdarlığını bildirdi. İ.Həbibbəyli Vətən Müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazan şəhid və qazilərimizdən danışdı. Bu gün bizim şanlı tarix yaşadığımızı və tarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının Muzeydə əbədi qorunacağını və gələcək nəsillərə ötürülməsini xüsusi qeyd etdi.
Daha sonra Muzeyin baş direktoru Nailə Vəlixanlı tərəfindən Sərginin hazırlanması məqsədilə materialların toplanılması üçün göstərdikləri köməyə görə Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovaya və qardaşı İlham Həşimova, Milli Qəhrəman polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyevə, Milli Qəhrəman polkovnik Şükür Həmidovun qardaşı Əsəd Həmidova, Polkovnik Babək Səmidlinin bacısı oğlu Gülməmməd Səfərzadəyə, Gizir Xudayar Yusifzadənin anası Radə Qurbanovaya təşəkkürnamələr verildi.
Qeyd edək ki, Sərginin açılış mərasimində Dövlət Təhlükəsizik Xidməti,Daxili İşlər Nazirliyi və KİV nümayəndələri iştirak etmişlər.
Sərgi haqqında Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, Sərginin kuratoru, t.ü.f.d., dos., Səbuhi Əhmədovun qeyd etdiyi məlumata əsasən Sərgidə 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin iki qəhrəmanı (general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev), həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilmişdir. Sərgidə Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatının orijinal ölçülü maketi qurulmuşdur.
Sərgidə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mina Təmizlənmə Agentliyi tərəfindən təqdim edilmiş eksponatlar da nümayiş olunur.
Sərgidə həmçinin Ermənistan ordusundan qənimət götürülmüş hərbi geyim, ləvazimatlar və s. nümayiş olunur.
Ümumilikdə sərgidə 30 vitrində 557 eksponat, 12 informasiya-məlumat paneli, 7 iriölçülü banner, 204 ədəd fotoşəkil nümayiş olunur.
Həmçinin “Anadır arzulara hər zaman Qarabağ” sərgisinin tərkib hissəsi kimi təşkil olunmuş “Ermənistanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə 44 günlük müharibə dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələrinin nəticələri, eləcə də 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə həyata keçirilmiş siyasəti nümayiş etdirən 7 fotoqrafın çəkdiyi 50 ədəd fotoşəkil, Gəncə və Bərdəyə vurulmuş raket zərbələrini nümayiş etdirən onlarla eksponat, 4 iriölçülü diorama nümayiş olunur.
Sonda mərasim iştirakçıları Sərgi ilə yaxından tanış oldular.