“Dəyirmi masa” layihəsinin ideya müəllifi qurumun direktoru, Xalq artisti Murad Hüseynovdur. Bu yaxınlarda layihənin koordinatoru Gülhüseyn Kazımov və layihənin alətlərə aid bölməsinin daimi iştirakçısı, Azərbaycan Milli Konservatoriyasının qədim musiqi alətlərinin bərpası laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov qədim çalğı alətlərimizin tədqiqi ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində qorunan alətlərin fiziki vəziyyəti ilə yaxından tanış olublar. Baxış zamanı məlum olub ki, muzeydə saxlanılan qədim musiqi alətlərimiz olan tar və kamançaların bir çoxunun təmirə və restavrasiyasına ehtiyacı var.
Muzey rəhbərliyinin bu barədə təklifini nəzərə alan Beynəlxalq Muğam Mərkəzi bu missiyanı öz üzərinə götürərək, alətlərin təmiri işinə start verib və BMM-nin təşkilatçılığı ilə Məmmədəli Məmmədov bu işin icrasına başlayıb. Bərpa edilən alətlər sırasında 1883-cü ilə aid olan kamança, Üzeyir Hacıbəylinin böyük qardaşı Zülfüqar Hacıbəyliyə aid tar, maestro Niyaziyə məxsus tar və digər qədim alətlər yer alır.
Qeyd edək ki, BMM bu layihələri bir neçə mədəniyyət ocaqları, Gürcüstan Dövlət Folklor Mərkəzi, AMEA-nın Folklor İnstitutu, Gürcüstan Teatr Cəmiyyəti, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzi (Tiflis), Azərbaycan Milli Konservatoriyası və digər təşkilatlarla imzaladığı qarşılıqlı memorandum əsasında həyata keçirir.