Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş olunan şəhid və qazilərin əşyalarını Muzeyə təqdim etmiş ailələr ilə görüş keçirilib.
Xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilmiş görüşdə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Elmi işlər üzrə direktor müavini, t.e.d. Nərgiz Əliyeva və muzey əməkdaşları iştirak etmişdir.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra t.e.d. Nərgiz Əliyeva şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayan N.Əliyeva, belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib.
Tədbir zamanı bizə qələbəni yaşadan qəhrəmanlarımızın həyatı və döyüş yolu haqqında geniş söhbət açılıb.
Daha sonra Muzeyin Elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva tərəfindən Sərginin hazırlanması məqsədilə materialların toplanılması üçün göstərdikləri köməyə görə şəhid və qazi ailə üzvlərinə təşəkkürnamələr verilib.
Sonda tədbir iştirakçıları “Anadır arzulara hər zaman Qarabağ” sərgisini ziyarət ediblər.