Muzeydə "Anadır arzulara hər zaman Qarabağ" adlı sərgi çərçivəsində "Xarıbülbül - Qələbə rəmzi" adlı ustad dərsi keçirilib. 8 Noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin erməni işğalından azad olunduğunu elan etdi. Qəhrəman Azərbaycan Ordusunun qələbəsi sayəsində Şuşa doğma yurduna - Azərbaycana qaytarıldı. Şuşa rəmzi olan Xarıbülbül çiçəyi isə doğma torpağında yenidən çiçək açacaqdır.
Muzeydə təşkil olunan "Xarıbülbül - Qələbə rəmzi" adlı ustad dərsində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədova dərs iştirakçılarını salamlayıb, Xarıbülbül haqqında ətraflı məlumat verib. Ustad dərsi nəzəri hissədən və praktik dərsdən ibarət olub. Ustad dərsində Suraxanı rayonu F.İsmayılov adına 79 saylı tam orta məktəbin şagirdləri iştirak edib.
Ustad dərsində Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini t.ü.f.d., dosent Sevinc Vahabova Qarabağ xanlığı və Xanlığa aid olan Muzeydə qorunan eksponatlar haqqında ətraflı məlumat verib. Xarıbülbül çiçəyi haqqında bir hekayə danışılıb, haqqında sənədli film nümayiş olunub, 5 nəfərlik 2 komanda tərəfindən çiçək şəkli ilə pazl yığılıb, uşaqlara kağızdan və keçədən Xarıbülbül çiçəyinin kağız üzərində düzəldilmə qaydası öyrədilib.
Sonra Xarıbülbül haqqında maraqlı faktlardan ibarət suallarla viktorina keçirilib və iştirakçılar sertifikat, hədiyyələrlə mükafatlandırılıb. Sonda isə Muzeyə və "Anadır arzulara hər zaman Qarabağ" sərgisinə ekskursiya təşkil olunub. Dərsdə istifadə olunan bütün materiallar Muzey tərəfindən təmin edilib. Ustad dərsi iştirakçıları tərəfindən hazırlanmış nümunələr özləri ilə aparılıb.
Qeyd edək ki, Ustad dərsi karantin şəraitini nəzərə alaraq məhdud sayda iştirakçı ilə keçirilib.