44 günlük Vətən Müharibəsi iştirakçısı, Qax rayonu Cəlayir kənd sakini, baş leytenant Əlizadə Qorxmaz Arif oğlunun şəxsi əşyaları Muzeyin Vətən Müharibəsi fonduna təhvil verilmişdir.
Əlizadə Qorxmaz Arif oğlu 27 yanvar 1995-ci ildə Qax rayonunun Cəlayir kəndində dünyaya gəlmişdir. 2002-2010-cu illərdə həmin kəndin R.İbrahimov adına orta məktəbində təhsil almışdır.
2010-2013-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2013-cü ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Kəşfiyyat və quru qoşunları” ixtisası üzrə təhsil almış, “leytenant” hərbi rütbəsinə layiq görülmüşdür.
2017-ci ildən Qorxmaz Əlizadə Beyləqan rayonunun “N” saylı hərbi hissəsində zabit kimi hərbi xidmətə başlamışdır. Xidməti dövründə fərqləndiyinə görə Türkiyədə təşkil olunan hərbi təlim və toplanış kursunda iştirak etmişdir.
2019-cu ildə Beyləqan rayonundakı “N” saylı hərbi hissədə xidməti başa vuraraq Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəyə təyinat almışdır. 26 iyun 2020-ci ildə “Baş leytenant” hərbi rütbəsinə layiq görülmüşdür.
Azərbaycan ordusunun baş leytenantı Qorxmaz Əlizadə 27 sentyabr 2020-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilən ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə yaralanmışdır.
Komandiri olduğu bölük ilə birlikdə Ermənistanın nəzarəti altında olan 4 mövqenin alınmasında ən öndə gedənlərdən biri kimi Qorxmaz Əlizadə erməni hərbçilərin əsir götürülməsi məqsədilə düşmənlə əlbəyaxa döyüş zamanı müxtəlif ağır zədələr almasına baxmayaraq, hospitala getməkdən imtina etmiş, əlavə olaraq 3 mövqenin, strateji yüksəkliklərin ələ keçirilməsində, eləcə də düşmən postlarının darmadağın edilməsində öz dəstəsi ilə birlikdə böyük rəşadət göstərmişdir.
Qorxmaz Əlizadə 17 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində yeni bir döyüş tapşırığının icrası zamanı düşmənin snayper gülləsinə tuş gəlmişdir və qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra ona Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunması uğrunda” medallarına layiq görülmüşdür.
Şəhidin Ömür adlı qızı və onun vəfatından sonra dünyaya gələn Qorxmaz Fateh adlı oğlu vardır.
Əlizadə Qorxmaz 17 oktyabr 2020-ci ildə Qax rayonunun Cəlayir kəndindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Materialları muzeyə şəhidin qohumu Apbayev Seymur Kərim oğlu təqdim etmişdir.