18-26 may 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqramı həyata keçirilib. Proqram çərçivəsində mayın 18-dən başlayaraq 26-dək hər gün Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyindəki Gəncə şəhər Nizami Gəncəvi adına muzey, Azərbaycan Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə, AMEA-nın tabeliyində olan N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyati Muzeyinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna, xarici ölkələrin muzeylərindən isə ABŞ konqres kitabxanasına və Moskva Şərq Dövlət Muzeyinə virtual ekskursiyalar təşkil edilib.
26 may tarixində “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində "Muzeylər və Nizami irsi” adlı tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyində Zoom platforması üzərindən həyata keçirilib. Tədbirdə Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov və Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Xədicə Hüseynova iştirak ediblər.
Tədqiqatçı alim B.Kərimov Muzey fəaliyyəti və muzeylərin məktəblərarası əlaqələrindən söhbət açıb. Həmçinin B.Kərimov Muzeydə Nizami dövrünə dair materialların mühafizə olunduğunu və bu materiallar əsasında tədqiqatçılar tərəfindən Nizami irsinin araşdırıldığını qeyd edib.
B.Kərimovun təqdim etdiyi Milli Azərbaycan Tarixi Muzeyinə həsr olunmuş videoçarx iştirakçılar və izləyicilər tərəfindən böyük məmnunluqla və maraqla izlənilib.
Daha sonra H.Z.Tağıyevin həyatı və ev muzeyi haqqında Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Xədicə Hüseynovanın təqdimatında Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinə virtual ekskursiya aparılıb. X.Hüseynova şagirdlər tərəfindən verilən sualları ətraflı cavablandırıb.
Tədbiri ətraflı izləmək üçün keçidə daxil ola bilərsiniz.