XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
31 May, 2021
“Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır“ layihəsi çərçivəsində Muzeyin könüllülərinin Füzuli rayonuna ekskursiyası təşkil edilib

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!“ layihəsi çərçivəsində muzeyin könüllülərinin Füzuli rayonuna ekskursiyasını təşkil edib.

Qeyd edək ki, Füzuli şəhəri 17 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. S.Ələkbərova qeyd edib ki, Layihə çərçivəsində gənc muzeyşünaslar ilk dəfədir ki, işğaldan azad edilmiş rayonlarımıza səfər edirlər. Bu səfər onlarda yüksək əhval-ruhiyyə yaradıb, qalib ölkənin  gəncləri olaraq bir daha qürur hissi keçiriblər. Layihənin ideya müəllifi və rəhbəri olan S. Ələkbərova  layihə çərçivəsində işğaldan azad edilmiş bütün rayonların muzeylərinə  belə ekskursiyaların təşkilini nəzərdə tutduğunu vurğulayıb. 

Gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasında layihənin əhəmiyyətli olacağını düşündüyünü deyib. O, bildirib ki, vətənpərvərlik sözlə, danışıqla hasil olmur, bu hiss əməldə özünü büruzə verməlidir. Yəni vətənpərvərəm deməklə iş bitmir, hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir.  Bu baxımdan gənc muzeyşünasların vətənpərvərlik mövzusunda aktual olan “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!”, “Tarix yazan qəhrəmanlar“ və “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihələrində fəal iştirak etməklə vətənə məhəbbət hisslərini  əməlləri ilə ifadə edir,  eyni zamanda  digər gənclərə də nümunə olurlar.

Könüllülər  Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçın Əsədov  tərəfindən yüksək səviyyədə qarşılanıb. Qarşılanmadan sonra gənc muzeyşünaslar öncə Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin Bala Bəhmənli kənd filialı ilə tanış olublar. Muzeyin  qurucusu, II qrup Qarabağ əlili Elçin Əsədovla yaxından tanışlıq,  onun muzey işi sahəsinə olan marağı, hətta  bu marağın onu 52 yaşında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin  “Muzeyşünaslıq” ixtisasına aparıb çıxarmasını söyləməsi tələbələrin böyük marağına səbəb oldu. Onun  səmimi söhbəti və tövsiyələri tələbələrdə bu peşəyə marağı daha da artırdı. 

Qeyd edək ki, Füzuli rayonuna ekskursiya planına salınmış muzey rəhbərləri ilə görüş zamanı S.Ələkbərova onlara Milli Azərbaycan Tarixi Muzeyi adından muzeyin elmi nəşrlərini təqdim edib və layihənin keçirilməsinə dəstək olan hər kəsə öz təşəkkürünü bildirib. 

Muzeylərə təşkil edilən ekskursiyaların sonunda tələbələr  “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun daha bir layihəsi olan “Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində  Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Xalisə Məmmədovanın Vətən Müharibəsində şəhid olmuş həyat yoldaşı  Amil Hüseyinov və digər Füzuli şəhidlərinin qəbirlərini də ziyarət ediblər.

Ətraflı Muzeyin Klubları səhifəsində