44 günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş üçün 65 şəhid və qazinin şəxsi əşyasını Muzeyə təqdim etmiş Konüllü Yardım Fondunun Bakı şəhəri üzrə nümayəndəsi Elxan Əhmədovla görüş keçirilib.
Görüşdə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, baş mühafizi Məhfuzə Zeynalova, Sənədli Mənbələr Fondunun müdiri Esmira Rəhimova, Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov iştirak ediblər.
N.Vəlixanlı giriş nitqi ilə çıxış edib, görüşün mahiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir.
Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayan E.Əhmədov Muzey tərəfindən Şəhid ailələrinə göstərilən diqqətdən söhbət açıb. O, xalqımıza qələbə sevinci yaşadan qəhrəmanlarımızın ailələri ilə Muzeyin mütəmadi olaraq görüşlər təşkil etdiyini vurğulayıb.
Daha sonra Muzeyin baş direktoru Nailə Vəlixanlı tərəfindən Sərginin hazırlanması məqsədilə zəruri materialların toplanılması üçün göstərdiyi köməyə görə Elxan Əhmədova təşəkkürnamə təqdim olunub.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.