AMEA Milli Azərbaycan Tarixi Muzeyində Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op ilə rəsmi görüş keçirildi.
Görüşün əsas məqsədi mədəni və elmi baxımından Koreya Azərbaycan beynəlxalq əlaqələrinin genişləndirilməsi idi.
Görüşdə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Koreyanın ölkəmizdəki səfiri Kim Tong Op, Muzeyin direktor müavini, t.ü.f.d., dos., Məhfuzə Zeynalova, elmi katib, t.ü.f.d., dos., Fərhad Cabbarov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan N.Vəlixanlı səfiri salamladı və Muzey haqqında ətraflı məlumat verdi. Daha sonra bir sıra ölkələrin muzeyləri ilə beynəlxalq əlaqələr qurulduğunu qeyd etdi. Bildirdi ki, əsasən bir sıra Avropa ölkələri və Çin, Monqolustan, Özbəkistan, Qazaxıstan ölkələrinin muzeyləri ilə beynəlxalq əlaqələrimiz genişlənib. Həmçinin Koreya ilə də olan qədim əlaqələrin davam etməsini və muzey əlaqələrini genişləndirərək tədbirlərin, konfransların, treninqlərin keçirilməsi ilə bağlı birgə əməkdaşlığa hər zaman hazır olduğunu bildirdi. Həmçinin akademik N.Vəlixanlı Muzeyin həm mədəni, həm də elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd etdi və Koreya ilə elmi, mədəni əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətlərin aparılmasını təklif etdi.
Daha sonra Səfir Kim Tong Op Muzeylə tanışlıqdan öz məmnunluğunu bildirdi və Koreya Azərbaycan diplomatik əlaqələri barədə ətraflı məlumat verdi. Səfir qeyd etdi ki, Koreyanın dil və mədəniyyətini öyrənmək üçün Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı günbəgün artır. Azərbaycan zəngin və qədim tarixə malikdir. Koreya və Azərbaycan arasında uzaq məsafənin olmasına baxmayaraq, son zamanlar Qafqaz regionuna marağın artması nəticəsində Azərbaycana səfər edən koreyalıların sayında və Azərbaycan tarixinə dair yazılmış nəşrlərdə artım müşahidə olunur. Həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan bu cür mübadilə və əməkdaşlıqlar vasitəsilə xalqlarımız arasında tanışlığın daha da artacağına və hər iki ölkəyə fayda gətirəcək bu cür əlaqələrin gələcəkdə də davam edəcəyinə ümid etdiyini xüsusi vurğuladı. Səfir növbəti il üçün Koreya Azərbaycan mədəni və elmi əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlərin keçirilməsinə başlanılacağını və bu layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi işçi qrupunun təşkil olunacağını bildirdi.
Səfir Muzeydə keçirilən "Anadır arzulara hər zaman Qarabağ" və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgilərlə tanış edildi.
Sonda səfirə Muzeyin 100 illiyinə həsr olunmuş nəfis tərtibatlı nəşrlər təqdim olundu.