XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
18 İyun, 2021
II Vətən müharibəsi şəhidinə məxsus materiallar Muzeyə təqdim edilib

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş hərbi qulluqçusu, manqa komandiri, II Vətən müharibəsinin şəhidi Qədirli İsmayıl Elçin oğlu 1998-ci il sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. 2015-ci ildə orta məktəbi bitirib, 2017-2018-ci illərdə hərbi xidmətdə olub. Nümunəvi xidmətinə və yüksək nizam-intizamına görə hərbi hissə komandiri tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.

II Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. İlkin olaraq Ağcabədi, sonra isə Cəbrayıl uğrunda gedən döyüşlərə qatılır. Qubadlı, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında gedən döyüşlərdə şəhid olub. Şəhid İ.Qədirli 28 oktyabr tarixində Biləsuvar şəhərində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Qədirli İsmayıl ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhidin şəxsi əşyaları Muzeyə Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədlinin vasitəsilə təqdim edilib.