AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Qadınlar Şurası «Vətən müharibəsində Azərbaycan qadının rolu» adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Muzeyin Qadınlar Şurasının sədri, t.e.d. Nərgiz Əliyeva Vətən müharibəsi zamanı hər bir Azərbaycan qadınının dövlətimizin başçısının “Biz birlikdə güclüyük” şüarını rəhbər tutaraq Prezidentimizin ətrafında yumruq kimi birləşdiyini, düşmənə həm döyüş meydanında, həm arxa cəbhədə layiqli zərbələr endirərək Zəfər əldə etdiyini qeyd edib.
Hərbi qulluqçularımızla bərabər qadınlarımızın da öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsi xalqımızın qüdrətini bir daha dünyaya nümayiş etdirdiyini bildirən N.Əliyeva Vətən müharibəsi zamanı qadınlarımızın uğurlu fəaliyyətlərindən bəhs edib.
Qadınlar Şurasının sədr müavini Esmira Rəhimova Qarabağ müharibəsində Azərbaycan qadınlarının iştirakından və rolundan danışıb. I və II Qarabağ müharibəsində yüzlərlə Azərbaycan qadınının öz cəsarətini, mərdliyini, şücaətini sübut etdiyini vurğulayan E.Rəhimova onların səngərdə əsgərlərə ana, bacı, həkim, yarasını sarıyan tibb bacısı, yeri gələndə isə döyüş yoldaşı olduğunu deyib.
Elmi Kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın hazırladığı məruzə və «Vətən müharibəsində Azərbaycan qadının rolu» adlı slaydı maraqla qarşılanıb.
Tədbir mövzuya aid müzakirələrlə davam etdirilib.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.