XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
30 İyun, 2021
Muzey əməkdaşı şəhid Azad Hümbətovun şərəfinə qoyulmuş barelyefin və “Abad həyət"in açılışında iştirak edib

Müzəffər Ordumuzun qələbəsi ilə bitən Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Hümbətov Azad Arif oğlunun yaşadığı həyətdə onun şərəfinə qoyulmuş barelyefin və “Abad həyət"in açılışı olub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvü Sahib Alıyev, Müdafiə Nazirliyinin  nümayəndələri,  icra hakimiyyətinin  əməkdaşları, rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.

Tədbirə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Sahibə Ələkbərova da dəvət edilmişdir. Sonda tədbir iştirakçısına  şəhidin atası Arif Hümbətov tərəfindən, “ Elin Səsi Press” ədəbi, bədii, publisist redaksiyasının xüsusi buraxılışı olan “Azadın Qəhrəmanlıq Salnaməsi” adlı jurnal hədiyyə olunmuşdur.  

Qeyd edək ki, şəhid baş leytenant A.Hümbətovun hərbi geyimi, fotoşəkli, qol saatı Muzey əməkdaşı tərəfindən Muzeyə təqdim edilib.

44 günlük müharibə zamanı döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant A.Hümbətov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Azərbaycan ordusunun 100 illiyi" medalları ilə təltif olunmuşdur.

Hazırda onun xatirə əşyaları Muzeyin Vətən müharibəsi fonduna daxil edilib və “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş etdirilir.