Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Əsəd Fərhad oğlu Həsənova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Əsəd Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub.
Azərbaycan Ordusunun kapitanı olan Əsəd Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərargah rəisi idi və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib. Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub. Ailəli idi. 3 yaşlı Mələk adında qızı və 2 yaşlı Hüseyn adında oğlu yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsəd Həsənov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Materiallar Muzeyin əməkdaşı Şəfa Mövsümov tərəfindən Muzeyə təhvil verilib.
Təltifləri
- (26.06.2019) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)