XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
02 İyul, 2021
Muzeydə Daxili İşlər Orqanının ilk milis rəisi olmuş Hənifə Hüseynzadəyə məxsus qızıl cib saatı qorunur

Bu gün İyulun 2-si Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümü qeyd edilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Xalqımızın ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin atası, Daxili İşlər Orqanının ilk milis rəisi olmuş Hənifə Hüseynzadəyə məxsus qızıl cib saatı (İnv. 57) qorunur. Saat Mərkəzi İcraiyyə Komitəsi tərəfindən H.Hüseynzadəyə banditizmə qarşı mübarizədə fərqləndiyinə görə verilmişdir. Saatın üzərində "За храбрость" (İgidliyə görə) sözü qeyd olunmuşdur.

Qeyd edək ki, 1920-ci il aprelin 27-də 23 ay hakimiyyətdə olan Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən süquta yetirilir. Respublikada bütün polis orqanları, o cümlədən Bakı polisi yenidən qurulur və "Polis" sözü "Milis" sözü ilə əvəz edilir. Lakin polis orqanları qarşısında duran vəzifələr yeni milis orqanları yaradılsa da dəyişmir və Bakı DİO-nun ilk milis rəisi Hənifə Hüseynov olur.

1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra DİO yenidən qurulur və onun sıralarında çalışanlar "Polis" adlandırılır. 1941-45-ci illərdə faşizmlə mübarizədə Bakı Polis Qarnizonunun 350 nəfərdən çox əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər. Ermənistan-Azərbaycan münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə Bakı şəhər Daxili işlər orqanları 31 şəhid vermiş, 3 nəfər itgin düşmüş, 150 əməkdaş isə əlil olmuşdur. Döyüşlərdə 1726 nəfər iştirak etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, əhalinin təhlükəsizliyini təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin qorunmasında xüsusi ilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə Bakı Polis Qarnizonunun 5 nəfər əməkdaşına "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" fəxri adı verilmiş, 35 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 120 əməkdaşa isə müxtəlif orden və medallarla təltif edilmişdir.

Qeyd edək ki, Saat Hənifə Hüseynzadənin qızları Bikə xanım Əlizadə və Hüriyyət Əzizbəyova tərəfindən 3 noyabr 1955-ci ildə Muzeyə təhvil verilmişdir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyi adından Azərbaycan polisinin 103 illiyi münasibətilə polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, xidmətlərində uğurlar arzu edirik.