XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
15 Sentyabr, 2021
Bakının azad olunmasından 103 il ötür

Bu gün - 15 sentyabr Azərbaycan tarixində ən yaddaqalan və şərəfli günlərdən biridir. Tarixi mənbələrdə rəsmi adı Qurtuluş Günü kimi qeyd olunan bu günün tarixinin ölkəmiz üçün əvəzsiz əhəmiyyəti vardır.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Osmanlı zabit və əsgərlərindən ibarət olan Qafqaz İslam Ordusunun qəhrəmanlığı nəticəsində Bakı şəhəri erməni-rus qüvvələrindən azad edilmişdir. Məhz həmin gün Bakı gənc Azərbaycan Cümhuriyyətinin əbədi paytaxtı olmuşdur. İki gün sonra milli hökumət Gəncədən Bakıya köçmüşdür. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Sovet dövründə bu hadisənin əhəmiyyətini məqsədli şəkildə unutdurmağa çalışsalar da, xalq türk əsgərlərinin qəhrəmanlığını könlündə yaşatdı, onları heç bir zaman unutmadı.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda h. 1268-ci ilə aid Məcidiyyə nişanı qorunur (diametri – 60 mm, uzunluğu – 95 mm). Günəş formasında olan gümüş nişanın yuxarı hissəsində beşguşəli ulduz və aypara, ondan aşağıda yeddi bucaqlı şüalar olan ulduzun guşələrində yeddi aypara-ulduzlar, mərkəzdəki qırmızı minadan olan dairənin üzərinə qızılı rəngli ərəbcə yazılar – “səadət”, “qeyrət”, “hamiyyət” və “1268” (m. 1851-ci il. Nişan Osmanlı sultanı Əbdülməcidin hakimiyyəti dövründə təsis edilmişdir) həkk edilmişdir. Dairənin daxilində Osmanlı tuğrasının təsviri, nişanın arxa tərəfində isə aypara daxilində Osmanlı zərbxanasının möhürü ("Zərbixanə Əmiri") vardır.

Məlumdur ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinə hərbi kömək göstərmək üçün Qafqaz İslam Ordusu yaradılmışdı. Azərbaycanda həmin dövrdə təltif nişanları olmadığından Azərbaycan hərbçiləri də Osmanlı dövlətinin orden və medalları ilə təltif edilirdi. Hazırda Türkiyə Cümhuriyyətinin hərbi arxivlərində azərbaycanlı hərbçilərin təltifləri barədə məlumatlar olan sənədlər qorunur.