XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
18 Sentyabr, 2021
18 sentyabr-Milli Musiqi Günü

Bu gün- 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Şərqdə ilk operanın müəllifi, Azərbaycan peşəkar musiqi sənətinin banisi, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədardır. Üzeyir Hacıbəyli Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq 1995-ci il 18 sentyabr tarixində ümummilli lider Heydər Əliyev tərəfindən sərəncam imzalandı. Həmin tarixdən etibarən sərəncama əsasən Ü.Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi ölkə miqyasında keçirilməyə başladı.

18 sentyabr 1885-ci ildə Qarabağda Ağcabədi kəndində anadan olmuş Ü.Hacıbəyli uşaqlıq, ilk gənclik illəri Şuşada keçmiş, ilk təhsilini də burada almışdır. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə xüsusi təsir göstərmişdir.

Bəstəkar, klassikanı muğamla sintez etməklə, Azərbaycanın musiqi tarixində yeni bir səhifə açdı. Onun şah opera əsərləri bunlardır: “Leyli və Məcnun", "Koroğlu", "Şeyx Sənan "," Firuzə " və başqaları, musiqili komediyalar: "O olmasın, bu olsun", "Arşın mal alan "," Ər və arvad "və s. Eyni zamanda Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin müəllifi idi.

Qeyd edək ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Üzeyir Hacıbəylinin yaradıcılığı, həyat və fəaliyyəti ilə bağlı bir çox materiallar qorunur: Ü.Hacıbəylinin anadan olmasının 80 illiyinə həsr olunmuş medal, yubiley nişanı (Köməkçi tarixi fənn materiallar fondu. P.A.Xryunov. 1966 il. Moskva zərbxanası; tiraj – 531),  qrammafon valı, barelyef və Ü.Hacıbəylinin anadan olmasının 70 illiyi münasibətilə hazırlanmış vaza,  (Hədiyyələr və xatirə əşyaları fondu), “Şah Abbas və Xurşud banu” operasının librettosu, afişalar, not yazısı, foto şəkillər (Sənədli mənbələrin elmi fondu şöbəsi), foto-neqativ (Üzeyir Hacıbəyli iş otağında.Foto-neqativ materialları fondu).

Xatırladaq ki, 18 sentyabr 2021-ci il tarixində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı Şuşada keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.