XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
21 Sentyabr, 2021
Muzeyin əməkdaşları “Horizon 2020” elmi layihəsində iştirak ediblər

Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşov və Numizmatika və epiqrafika elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova bir aylıq müddətə “Horizon 2020” layihəsi çərçivəsində “Humanitar elmlərdə elmi mübadilə və akademik mədəniyyət (Avropa və Qaradəniz regionu, XVIII əsrin sonu – XXI əsr)” istiqaməti üzrə Şota Rustaveli adına Batumi Dövlət Universitetinə (Gürcüstan) ezam olunublar.

Qeyd edək ki, layihənin Azərbaycan üzrə milli koordinatoru Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənovdur.

25 avqust – 25 sentyabr tarixlərini əhatə edən ezamiyyət müddətində həyata keçirilən bu layihədə tədqiqatçıların əsas məqsədi layihənin mövzusuna müvafiq olaraq faktiki material toplamaq və elmi mübadiləni genişləndirməkdir.

Tədqiqatçılar Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru, t.ü.e.d., professor-arxeoloq Merab Xalvaşi və digər təcrübəli alimlərinin iş metodikası ilə tanış olmuş, elmi müzakirələrdə iştirak etmişlər.

Ezamiyyət dövründə gənc alimlər  Batumi muzeylərinin arxeoloji, numizmatik və foto kolleksiyaları ilə də tanış olmuş, elmi mübadilə xarakterli görüşlər keçirmiş, qeyd olunan Universitetin kitabxanasında tədqiq etdikləri mövzular üzrə elmi araşdırmalar aparmış və ədəbiyyat toplamışlar.

Muzey əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyinin nəşrələrini gürcüstanlı həmkarlara hədiyyə ediblər.     

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.