AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsi II Vətən müharibəsinə həsr olunmuş "Məktəbli etirafları: müharibə, fəsadlar, zəfər" adlı tədbir keçirib.
Onlayn keçirilmiş tədbirdə muzey əməkdaşları, Gəncə şəhər 13 saylı və 24 saylı tam orta məktəbin, Z.Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü lisey-məktəbin, Nəsimi rayon Texniki-Humanitar liseyin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açıb. O, tədbir iştirakçılarını muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı adından salamlayıb və bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətində uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə vacib məsələlərdən biri olmuşdur. F.Şəmsi bu məqsədlə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları tərəfindən II Vətən müharibəsinə həsr olunmuş müxtəlif silsilə tədbirlər, görüşlər, dəyirmi masalar keçirtməyi planlaşdırdığını qeyd edib.
Daha sonra Şöbənin əməkdaşı Qənirə Qafarlı çıxış etdi. Qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə muzey tərəfindən orta məktəb şagirdlərinə şəhidlərimizi tanıtmaq, Ermənistanın Azərbaycana təcavüzü haqqında ətraflı məlumat vermək məqsədi ilə müxtəlif maarifləndirici tədbirləri keçirilir.
Sonda muzeydə fəaliyyət göstərən “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgiyə virtual ekskursiya nümayiş olunub. Virtual ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.