Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, II Vətən müharibəsi şəhidi Samid Gülmalı oğlu Əsgərovun şəxsi materialları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.
Qeyd edək ki, bu gün oktyabrın 12-si şəhid Samid Əsgərovun doğum günüdür. S.Əsgərov 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. 1996-cı ildə Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olmuşdur. 1999-cu ilə qədər həmin məktəbdə təhsil almış və sonra 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirmişdir. 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2008-ci ildə həmin liseyi bitirmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişdir. 25.07.2012-ci il tarixinədək fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri zabit ixtisas kursunu bitirmişdir. Məktəbi bitirdikdə “Leytenant“ hərbi rütbəsi verilmiş və 2012-ci ilin iyul ayının 26-da təhsilinı davam etdirmək üşün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə göndərilmişdir. 2013-cü ilin iyul ayının 23-də kursu bitirmiş və Müdafiə Nazirinin əmrinə əsasən 190 saylı hərbi hissəyə göndərilmişdir. 29.07.2013-cü il tarixdən N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah bölüyünün kəşfiyyat taqım komandiri, 27.07.2019-cu il tarixdən N saylı hərbi hissədə kəşfiyyat bölmə rəisinin kəşfiyyatın planlaşdırılması üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur. Oxuduğu və işlədiyi müddətdə müxtəlif diplom və sertifikatlarla təltif olunmuşdur.
Kapitan Əsgərov Samid 2020-ci ildə sentyabr ayının 27-si döyüş əmri verilməsi ilə döyüşə yollanır. S.Əsgərov Füzuli rayonu Seyidəhmədli istiqamətində döyüşə başlayır. Düşmənin keçilməz səddin yarılmasında Əsgərov böyük qəhrəmanlıq göstərir. Hərəkatın adı isə Milli Qəhrəman Polad Həşimovun adına uyğun olaraq “Polad Həşimov hərəkatı” adlandırılıb. Döyüş yoldaşları Samidin təkcə bu sözləri deyərək döyüşə dayanmadan davam etdiyini söyləyir:
-Samid bizdən rütbəcə böyük olduğuna görə o, bizə döyüşdə ruh yüksəkliyi verirdi. İrəlidə gedərək,"Kişilər, İrəli! Axıra Qədər! Geriyə Yol Yoxdur!" deyirdi”.
Samid qəlpə yarası alır və buna baxmayaraq döyüşə davam etməliyik deyir. Bu zaman düşmən tərəfindən minaatan vasitəsilə Əsgərov növbəti zərbəni alır və döyüş meydanında qəhrəmancasına şəhid olur. Oktyabr ayının 3-ü Kapitan Samid Əsgərov yaşadığı Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salınır.
Qeyd edək ki, S.Əsgərova məxsus materiallar muzeyin əməkdaşı Ayəndə Dadaşova və həyat yoldaşı Nübar Əsgərova tərəfindən Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Təltifləri
- — (2013) "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- — (2018) "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- — (2019) "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
- — (2020) "Vətən uğrunda" medalı"
- — (2020) "Füzulinin azad olunmasına görə"medalı