Oktyabrın 14-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi çərçivəsində onun əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında “İşıq festivalı. Nizami Gəncəvi” audiovizual festivalının açılışı olub.
Festivalın hazırlanması və təşklində Milli Azərbaycan Tarixi Muzeyi Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. dosent Səbuhi Əhmədov iştirak edib.
Bu festivalla Nizami Gəncəvinin insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı “Xəmsə”dən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə qonaqlar Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcək. Məqsəd xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Qeyd edək ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında 3D audiovizual proyeksiya formatında reallaşan festival oktyabrın 14-dən 16-dək davam edəcək.