AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri, II Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadəyə məxsus Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid olan hərbi mərasim geyimi və fotoşəkilləri qorunur. Materiallar şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən muzeyin Vətən müharibəsi fonduna təhvil verilib.
Həmçinin 9 iyun 2021-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ikinci kurs magistr tələbəsi Jalə Əliyeva tərəfindən hazırlanmış Xudayar Yusifzadənin büstü muzeyə hədiyyə edilmişdir.
Qeyd edək ki, şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 15 iyul 1998-ci ildə Bərdə rayonunda anadan olub. X.Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb. Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 22 oktyabr Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Təltifləri
- (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra)