XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
25 Oktyabr, 2021
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Azərbaycanın milli mədəni irsini toplayaraq tədqiq və təbliğ edən Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizin aparıcı elmi-tədqiqat və mədəni–maarif mərkəzlərindən biridir. Əsası 1920-ci ildə qoyulan və hal-hazırda ölkənin ən böyük muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyi  2020-ci ildə özünün 100 illik yubileyini qeyd edib. Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində 25 oktyabr 2021-ci ildə “Muzey - XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans keçirildi. Konfrans pandemiya şəraiti ilə əlaqədar olaraq onlayn formatda baş tutdu.

Konfransda Azərbaycanla yanaşı Gürcüstan, Qazaxstan, Rusiya, Türkiyə, Ukraynadan alimlər və mütəxəssislər iştirak etdilər.

Konfransı giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı açaraq muzeyin tarixi inkişafı haqqında ətraflı məlumat verdi, 100 illik yubiley çərçivəsində görülmüş işlər barədə bəhs etdi və konfrans iştirakçılarına uğurlar arzuladı.

Konfrans seksiyalar üzrə davam etdi. Konfrans iştirakçılarının “Muzeylərin “gizli” həyatı”, “Kəmiyyət və keyfiyyət”, “Məqsədli kapital” və “Muzey menecmenti” istiqamətlərində məruzələri dinləyicilər tərəfindən maraqla qarşılandı. Sonda mövzular üzrə müzakirələr aparıldı.

Qeyd edək ki, konfrans məruzələrinin nəşri nəzərdə tutulub.