Bu gün- 29 oktyabr Türkiyədə Cümhuriyyət bayramıdır. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.
Mustafa Kamal Atatürk bu gün dillər əzbəri olan “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” - bəyanatını Azərbaycanın Türkiyədəki ilk diplomatı, dostu İbrahimbəy Əbilov vasitəsilə bütün dünyaya bəyan etmişdir. Mustafa Kamal Atatürk İbrahim Əbilovu anadolu türklərindən ayırmamış, daim ona qarşı yüksək dostluq, qardaşlıq münasibəti bəsləmiş və bu doğmalıq münasibəti tarixə dərin izlər salmışdır.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Mustafa Kamal Atatürk tərəfindən “Azərbaycanın hörmətli səfirinə, qardaşım İbrahim Əbilova. 28 oktyabr 1921. Ankara” sözləri yazılmış tarixi fotoşəkil qorunur və bu avtoqraf yenilməz türk liderinin Azərbaycan diplomatına xüsusi ehtiramını aydın əks etdirir.
Bundan başqa, Atatürkün İbrahim Əbilovu ən etibarlı adamı kimi Türkiyə ordusunun böyük hücum hazırlıqları dövründə ön cəbhəyə dəvət etməsi, onu döyüş diviziyaları ilə tanış etməsi, zabitlərlə görüşdürməsi, həmçinin onunla məsləhətləşməsi Mustafa Kamal Atatürk ilə Əbilov arasında dostluq münasibətlərinin yüksək dərəcədə olmasından xəbər verir.
Həmçinin muzeyin Sənədli mənbələr fondunda Azərbaycanın ilk diplomatlarından biri İbrahim Əbilovun fəaliyyəti ilə bağlı bir neçə sənəd və fotoşəkillər də qorunub saxlanılır. Muzey kolleksiyasında mühafizə edilən həmin materiallar arasında Əbilovun diplomatik sənədi, həyat yoldaşının öz əli ilə qələmə aldığı xatirələri dövrün tarixini araşdıranlar üçün əhəmiyyətlidir.