Bu gün- 2 noyabr Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin giziri, II Vətən müharibəsinin şəhidi Sərxan Elxan oğlu Abdullayevin doğum günüdür. Qeyd edək ki, Sərxan Abdullayevə məxsus şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.
Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. 1995-2006-cı illərdə Qazax şəhəri M.Hüseyn adına humanitar və təbiət fənnləri üzrə liseydə təhsil alıb.
Sərxan Abdullayev 2006-2008-ci illərdə DİN Daxili Qoşunlarının N.Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə DİN Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycanın DİN Daxili Qoşunlarının giziri olan Sərxan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan II Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və həmin gün şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub. Ailəli idi, 2 övladı yadigar qaldı. Sərxanın atası Elxan Abdullayev isə Birinci Qarabağ müharibəsi veteranıdır.
Şəhid gizirimiz Sərxan Abdullayev göstərdiyi igidliyə görə Azərbaycanın Ali Baş Komandanı tərəfindən yüksək qiymətləndirilərək III dərəcəli "Qüsursuz xidmətə görə”, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Qeyd edək ki, şəhid Sərxan Abdullayevə məxsus şəxsi əşyalar “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş üçün Konüllü Yardım Fondunun Bakı şəhəri üzrə nümayəndəsi Elxan Əhmədov tərəfindən muzeyə təqdim edilmişdir.
Təltifləri:
- (26.06.2018) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)