XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
04 Noyabr, 2021
Vətən müharibəsi iştirakçısı muzeyi ziyarət etmişdir

Toğrul Həsənov 1989-cu ildə Ucar rayonunun Təzə Şilyan kəndində anadan olmuşdur. 1997 - 2008-ci illərdə Bakı şəhərində Rafiq Nəsrəddinov adına tam orta məktəbdə təhsil almışdır. 2008 - 2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivləri və rejissorluq” fakültəsində bakalavr pilləsi üzrə təhsil almışdır. 2012-2013-cü illərdə Hava hücumundan Müdafiə Qoşunları Hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur.

Toğrul Həsənov 28 sentyabr 2020-ci il tarixində ümumi səfərbərlik çağırışına riayət edərək Ucar rayon Hərbi Komissarlığına yollanmışdır. Tərtər rayonunun Sarov kəndindəki hərbi hissədə  kəşfiyyat bölüyündə xidmət edən Toğrul Həsənov həm də Suqovuşan istiqamətində ağır şəraitdə keçən döyüş əməliyyatlarında iştirak etmişdir. O, tank mərmisinin zərbəsinin təsirindən xəsarətlər almış, Naftalan şəhərindəki hospitalda müalicə alaraq yenidən cəbhəyə  - Suqovuşana qayıtmışdır. 10 noyabr sazişi imzalanandan sonra Qubadlı və Zəngilan rayonlarının düşməndən müdafiə edilməsində iştirak etmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan T.Həsənov vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Toğrul Həsənova məxsus şəxsi əşyalar muzeyin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova vasitəsilə muzeyin Vətən Müharibəsi fonduna təhvil verilmişdir.

T.Həsənov H.Z.Tağıyevin ev muzeyi və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə tanış olmuşdur.