XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
10 Noyabr, 2021
10 noyabr - Dünya Elm Günüdür

Dünya ölkələrinin maraqlarını birləşdirən əlamətdar günlərdən biri də 10 noyabr - Dünya Elm Günüdür.
Beynəlxalq səviyyədə elm gününün qeyd olunması ideyası hələ ötən əsrin ortalarında meydana çıxsa da, ilk dəfə Sülh və İnkişaf naminə Dünya Elm Günü 2001-ci ildə UNESCO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESCO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis olunub. Bu təşəbbüsün uğurla nəticələnməsi təşkilatçıları bu ənənəni davam etdirməyə həvəsləndirib.
İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən və həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunan Dünya Elm Gününün məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc, sabit inkişafına təsirini artırmaqdır.
Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır.
Bu gün elm, təhsil sahəsində muzeylər də respublikanın qabaqcıl mədəni-maarif ocaqları hesab olunur. Yarandığı ilk gündən mədəni-maarif və elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi və təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğul olmuşdur. Bu gün muzeyin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq tarixi materiallar qorunur.
Muzeyin kolleksiyası tamaşaçıya və tədqiqatçıya ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, xalqımızın keçmişini, məişətini və mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir. Ekspozisiya və xüsusi sərgilərdə nümayiş olunan minlərlə böyük əhəmiyyətə malik qiymətli eksponatlar hər bir tədqiqatçını və ziyarətçini muzeyin unikal kolleksiyası və bu kolleksiya vasitəsilə təqdim olunan vətən tarixi ilə tanış edir. Məhz bu tədqiqatlar, eləcə də muzeyin təşkil etdiyi bir çox elmi ekspedisiyalar zamanı əldə olunan və bu gün muzeyin fondlarında qorunan qiymətli materiallar ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirdi, muzeyin ekspozisiyasını bəzədiyi kimi neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynadı.
Həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin bir sıra dünya muzeyləri ilə beynəlxalq əməkdaşlığı və təşkilatçılığı ilə həm muzeydə, həm də onlayn formatda bir sıra sərgi, beynəlxalq və respublika səviyyəli elmi konfranslar və tədbirlər keçirilmişdir.
Qeyd edək ki, bütün bu fəaliyyəti ərzində dünyanın müxtəlif muzeyləri ilə əməkdaşlıq etmiş, sərgilərdə, beynəlxalq elmi konfranslarda, forumlarda iştirak etmiş, Almaniya, Çexiya, Çin, Qazaxıstan, Monqolustan, Norveç, Rusiya, Türkiyə və b. ölkələrlə qarşılıqlı əlaqələr qurmuş, səyyar sərgilərlə çıxış etmiş Milli Azərbaycan Tarixi Muzeyi hal-hazırda da bu ənənəni davam etdirir.