23 noyabr 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası” kafedrasının II kurs (rus bölməsi) tələbələri üçün onlayn formatda seminar keçirilmişdir.
Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova “Sikkələr üzərində etnoqrafik elementlər” və Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Azərbaycan numizmatikası” mövzusunda məruzələrlə çıxış etmişlər.
Elektron prezentasiyanın müşayiəti ilə təqdim edilən məruzədə mövcud numizmatik faktlara əsasən Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi, muzeyin Numizmatika və Xüsusi fondlarında qorunan nadir sikkələr, həmçinin sikkələr üzərindəki etnoqrafik elementlər barədə məlumat verilmiş, Azərbaycan şəhər-zərbxanalarında istehsal edilmiş sikkələrin müasir dövrdə qorunması və tədqiqinin əhəmiyyəti diqqətə çatdırılmışdır. Artıq XIX əsrdən etibarən bəzən sikkələrdən geyim dəstləri və müxtəlif məişət əşyaları hazırlanarkən bəzək qismində istifadə olunmağa başlaması da tələbələrin diqqətinə çatdırılmışdır. Məruzədə həm də xarici kolleksiyalarda qorunan Azərbaycan sikkələri haqqında da məlumat təqdim edilmiş, belə faktiki tapıntıların mütəxəssislərə təhvil verilməsinin vacibliyi vurğulanmışdır.
Seminar sualların cavablandırılması ilə yekunlaşmışdır.