Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə universitetdən məzun olduqdan sonra iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, pusquya düşərək şəhid olmuşdur. Çingiz Qurbanovun nəşi üç həftədən artıq bütün beynəlxalq normaları pozan erməni tərəfində qaldıqdan sonra 2017-ci il fevralın 5-i Azərbaycan tərəfinə təhvil verildi. Fevralın 6-sı Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında dəfn olundu.
2017-cı il fevralın 7-də Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
Qeyd edək ki, Çingiz Qurbanova məxsus materiallar muzeyin Vətən müharibəsi fondunda qorunur.