XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
06 Dekabr, 2021
Muzeydə e.ə. I əsrə aid olan tunc dəbilqə qorunur

Antik müəlliflərin albanların müdafiə və hücum silahları haqqında məlumatları arxeoloji qazıntılar zamanı əldə olunmuş zəngin materialla – müxtəlif formalı nizə ucluqları, ensiz və uzuntiyəli, ucları sivri dəmir qılınclar, xəncərlər, yabalar, dəbilqələr və s. ilə də təsdiq edilir. Maraqlıdır ki, antik dövr yazılı mənbələrində Plutarx “heyvan dərisi geymiş alban döyüşçüsü”, Strabon isə onun başqa xalqlarda da olduğu kimi aşılanmamış öküz dərisindən zirehi olduğunu bildirir. Verilən məlumata görə, alban döyüşçüləri başlarına bütün Qafqazda geniş yayılmış heyvan dərisindən papaq qoyurdular. Bununla yanaşı alban döyüşçüləri dəbilqə də taxırdılar. Tədqiqatçıların fikrincə dəbilqə heç də siravi alban döyüşçüsü üçün səciyyəvi deyildi. Bununla belə döyüşçünün başını zərbələrdən qorumaq üçün istifadə olunan tunc dəbilqələr etibarlı müdafiə vasitəsi kimi zirehdən az əhəmiyyət daşımırdı.

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan tunc dəbilqə 1965-ci ildə arxeoloq Fazil Osmanov tərəfindən Ağsu rayonunun Nüydi kəndi yaxınlığındakı nekropolda tapılmışdı. Dəbilqə iki hissədən ibarət olmaqla, tunc lövhədən hazırlanmışdır. Bu hissələrdən biri gövdədən, digəri isə dik qaldırılmış boruşəkilli çıxıntıdan ibarətdir. Həmin hissələr ayrı-ayrılıqda döyülüb hazırlandıqdan sonra bir-birinin üzərinə kiçik mıxlarla rəbt edilib formalaşdırılmışdır. Lakin boruşəkilli çıxıntı dövrümüzə qədər gəlib çatmamışdır. Mütəxəssislərin fikrincə, bu borucuq, ehtimal ki, lələklər, at qılı və digər fərqlənmə nişanları taxmaq üçündür. E.ə. I əsrə aid olan bu Nüydi dəbilqəsinin oxşar nümunəsi 2009-cu ildə Qəbələ rayonunun Tola (Tövlə) kəndində arxeoloq İlyas Babayev tərəfindən aşkar edilmiş və hazırda muzeyin Arxeologiya fondunda qorunmaqdadır. Alban döyüşçüsünə məxsus olmuş hər iki dəbilqə Azərbaycanın antik dövr sənətkarlarının metal məmulatı hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, eləcə də öz dövrünün hərbi işi haqqında dolğun təsəvvür yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az/ saytına istinad zəruridir.