AMEA Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiləşən ömür” adlı vebinar keçirildi. Vebinar Zoom platforması üzərindən baş tutdu.
Tədbiri giriş sözü ilə muzeyin elmi katibi t.ü.f.d. Sevinc Nəsirova açdı. S.Nəsirova çıxışında Ümummilli liderin Azərbaycan xalqına, əsasən də gənclərə həmişə böyük diqqətlə yanaşdığını söylədi. Heydər Əliyev fəaliyyəti haqqında ətraflı çıxış etdikdən sonra tədqiqatçı alim qeyd etdi ki, Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edərək, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib.
Daha sonra vebinarın moderatoru- muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tədbir iştirakçılarını təqdim etdi.
Vebinarda muzeyin Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aslan Qasımov “Heydər Əliyev və Azərbaycan Arxeologiyası” adlı məruzə ilə çıxış etdi. A.Qasımov qeyd etdi ki, Ulu öndərin Azərbaycanda siyası hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq arxeoloji, tarixi və memarlıq abidələrinin elmi tədqiqi üçün əlverişli şərait yaradılmağa başlandı. O, Azərbaycanda elmin inkişafı üçün misilsiz işlər gördü. İlk növbədə azərbaycanlı gəncləri ölkənin müxtəlif elm mərkəzlərində yüksək səviyyədə mütəxəssis hazırlanmaları və təcrübə keçmələri üçün sərəncam verdi. Məhz bunun nəticəsində bir qrup azərbaycanlı gənc ölkənin nüfuzlu elm mərkəzlərində yüksək ixtisaslı arxeoloq və etnoqraf kimi hazırlanıb respublikamızda arxeoloji tədqiqata başladı.
Vebinar iştirakçıların çıxışı ilə davam etdi. Belə ki, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının dosenti, t.ü.f.d. Arzu Xəlilzadə “Heydər Əliyev məktəbi. Azərbaycanın sürətli, dinamik və hərtərəfli inkişaf yolunu şərtləndirən amillər” adlı məruzə ilə, Muzeyin Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin bələdçisi Sara Əhmədova “Heydər Əliyev və muzeylərimiz” adlı məruzə ilə, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova “Milli mədəniyyətimizin inkişafında Heydər Əliyev ideyaları” adlı məruzə ilə, muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin mütəxəssisi Qənirə Qafarlı “Kiçik ürəklərdə döyünən böyük lider” adlı məruzə ilə, muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin böyük laborantı Elmira Əliyeva “Heydər Əliyev və Azərbaycan təbiəti” adlı məruzə ilə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin tarix müəllimi Fatma İbrahimova “Heydər Əliyev irsi” adlı məruzə ilə, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin mütəxəssisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Tarixi coğrafiya” ixtisasının doktorantı Aynur Həşimova “Heydər Əliyevin hakimiyyətə gəlməsi və Azərbaycan tarixi üçün gördüyü mühüm işlər” adlı məruzə ilə ətraflı çıxış etdilər. Mövzular iştirakçılar tərəfindən maraqla qarşılandı.
İştirakçılar bugünkü vebinarda Ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla andılar.