XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
12 Dekabr, 2021
Ulu öndər Heydər Əliyevin vəfatından 18 il ötür

Bu gün- dekabrın 12-si ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dünyaya gəlmişdir. 2003-cü il dekabrın 12-də vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialı ilə davamlı inkişaf edən ölkəyə çevrilib. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin,təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində dünyada azərbaycanlı diasporu təşkilatlanıb və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirib.

Qeyd edək ki, Muzeyin Sənədli mənbələr fondunda qorunan sənədlərə əsasən milli-mədəni, tarixi dəyərlərə, muzey işinə marağın Heydər Əliyevdə hələ tələbəlik illərindən yarandığı sübut edilir və vurğulamaq lazımdır ki, Azərbaycanda muzey işinə qayğı, diqqət ulu öndər Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutub.

Ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq.