Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının AMEA Milli Azərbaycan Tarixi Muzeyində YAP “Azərbaycan tarixçiləri” ərazi təşkilatının 2017-2021-ci illər üzrə hesabat iclası keçirilmişdir. İclası giriş sözü ilə açan muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı iştirakçıları salamlayaraq, 2012-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində yaradılan və hazırda fəaliyyət göstərən YAP “Azərbaycan tarixçiləri” ərazi təşkilatının fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamlarını rəhbər tutduğunu xüsusi vurğuladı. Akademik qeyd etdi ki, təşkilat üzvlərinin fəallığı sayəsində muzeydə bir sıra elmi-mədəni tədbirlər keçirilmiş, bir çox üzvlər fəxri fərmanlara layiq görülmüş, ictimai işlərdə uğurlar əldə edilmişdir. 44 günlük müharibədə Ali Baş komandanın uğurlu siyasəti sayəsində əldə edilən zəfər, xalqımızın bu qələbədəki fədakarlığından söhbət açan akademik, həm də dövrümüzün bir sıra aktual məsələlərinin məhz təşkilat üzvlərinin iştirakı ilə muzeydə keçirilən tədbirlərdə işıqlandırıldığını bildirdi. Hörmətli alim, təşkilatın hesabatında əksini tapan uğurları önə çəkməklə yanaşı həm də bir sıra problemlərdən də bəhs etdi və həllini gözləyən məsələlərə diqqət etməyin vacibliyini qeyd etdi. Daha sonra məruzə edən Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının rəhbəri Muxtar Nağıyev iştirakçıları salamlayaraq, YAP-ın yaranma tarixi haqqında məlumat verdi və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin daxili və xaricisiyasəti nəticəsində respublikamız çoxsaylı uğurlar əldə etdiyini bildirdi. Ali Baş Komandanın müvəffəqiyyətlə nəticələnən planlı siyasəti sayəsində, tariximizə qızıl hərflərlə yazılacaq 44 günlük müharibədən sonra əldə edilən qələbədən ətraflı danışan Muxtar Nağıyev YAP üzvlərinin, o cümlədən muzey əməkdaşlarının üzv olduğu YAP “Azərbaycan tarixçiləri” ərazi təşkilatının son beş il ərzində bir sıra vacib mövzulara həsr edilmiş tədbirlərdə iştirak etdiyini qeyd etdi. M.Nağıyev yeni qaydalar və partiya Nizamnaməsində qeyd edilən şərtlər əsasında fəaliyyət göstərən YAP üzvlərinə müasir dövrümüzdə aktuallıq kəsb edən problemlərin həllində daha da fəal olmağı arzulayaraq, onlara gələcək işlərində uğurlar arzuladı. İclas daha sonra muzeyin Vətən müharibəsi fondunun baş mütəxəssisi Pərvanə Əzimovanın çıxışı ilə davam etdi. P.Əzimova elektron prezentasiya ilə müşayiət olunan məruzəsində YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının yaradıldığı gündən bu günədək çoxsaylı tədbirlərdə iştirak etdiyini bildirdi. O, vurğuladı ki, təşkilatın gördüyü işlər barədə məlumatlar bir sıra media saytlarında əksini tapıb, üzvlərin fəallığı ilə ictimai, mədəni həyatda çoxsaylı nailiyyətlər əldə edilib. Məruzəçi bununla yanaşı mövcud problemlərə də diqqət çəkərək, onların tezliklə həll edilməsi üçün bacarığını əsirgəməyəcəyini bildirdi. Daha sonra iclasda YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının yeni sədrinin və müavininin təyin edilməsi məsələsi müzakirə edildi. İclas qərarına əsasən, Təşkilatın yeni sədri vəzifəsinə muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov, təşkilatın sədr müavini vəzifəsinə isə muzeyin Vətən müharibəsi fondunun baş mütəxəssisi Pərvanə Əzimovanın namizədliyi təklif edildi. İclas iştirakçılarının yekdil səsverməsi ilə təklif təsdiq edildi. İclasda müzakirə olunan məsələlər barədə çıxış edən Arxeologiya fondunun müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə, muzeyin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova və Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov təşkilatın fəaliyyətində etdikləri işlər barədə məlumatlar verərək, yeni sədr və sədr müavininin bu vəzifəyə layiq olduqlarını bildirdilər. İclasda çıxış edən muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov Yeni Azərbaycan Partiyası üzvlərinin uğurlu fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq arenada bir sıra nailiyyətlərlə tanındığını bildirdi. YAP “Azərbaycan tarixçiləri” ərazi təşkilatı üzvlərinin fəaliyyəti dövründə həm muzeydə, həm də kənarda olan tədbirlərdə önəmli nəticələr əldə etdiyini vurğulayan məruzəçi ona etimad etdikləri üçün iclas iştirakçılarına təşəkkür etdi və vəzifəsində partiyanın başlıca prinsiplərinə önəm verəcəyini bildirdi.