XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
24 Dekabr, 2021
Özbəkistanlı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində olublar

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun əməkdaşları ilə görüş keçirildi.

Görüşdə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun əməkdaşları – t.e.d., dos., Muxammedova Munisə Sabirovna, baş müəllim Kasimova Şaxnoz Alişirovna, muzeyin icraçı direktoru, t.ü.f.d., dos. Fərhad Cabbarov, Bərpa laboratoriyasının müdiri t.ü.f.d., dos. Afət Rüstəmbəyova və elmi işçisi Sahibə Ələkbərova iştirak ediblər.

Görüş zamanı Milli Azərbaycan Tarixi Muzeyi ilə Özbəkistanın muzey, elm və mədəniyyət mərkəzləri arasında uzunmüddətli sıx əməkdaşlığı, həm Azərbaycan, həm də Özbəkistan tarixini və mədəniyyətini əks etdirən birgə layihələr haqqında söhbət aparılıb.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyi və Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda keçiriləcək yeni layihələr, elmi tədbirlər və birgə sərgilərin təşkili, elmi tədqiqatların aparılması və s. məsələlər öz əksini tapıb.

Özbəkistanlı qonaqlar Muzeydə nümayiş olunan “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə də tanış oldular.

Sonda qonaqlara Muzeyin 100 illiyinə həsr olunmuş nəfis tərtibatlı nəşrlər təqdim olundu.