XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
28 Dekabr, 2021
Muzeydə "Xarıbülbül - Zəfər rəmzi" adlı xeyriyyə tədbiri - ustad dərsi keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Anadır arzulara hər zaman Qarabağ" adlı sərgi çərçivəsində Muzeyin və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə "Xarıbülbül - Zəfər rəmzi" adlı xeyriyyə tədbiri - ustad dərsi keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidləri - Polkovnik-leytenant Orxan Əkbərovun, əsgər İsmayıl Qədirlinin,  əsgər Tural Rəhimlinin, əsgər Tacəddin Əzizlinin, kiçik çavuş Elşən Musayevin, əsgər Nurlan Ağakişiyevin ailə üzvləri və övladları iştirak edib.

Tədbiri giriş sözü ilə açan muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Nigar Əhmədova dərs iştirakçılarını salamlayaraq, Xarıbülbül çiçəyi haqqında maraqlı hekayə danışıb. Şöbənin əməkdaşı Qənirə Qafarlı isə iştirakçılara Qarabağ xanlığı və muzeydə qorunan Xanlığa aid eksponatlar haqqında ətraflı məlumat verib.

Tədbirin ikinci hissəsində çiçək şəkli ilə pazl yığılıb, uşaqlara Xarıbülbül çiçəyi formasında yeni il aksesuarının düzəldilmə qaydası öyrədilib.

Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tərəfindən şagirdlərə sertifikatlar, hədiyyələr və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında keçirilən “Qış nağılı” tamaşasına biletlər təqdim olunub.

Sonda H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti " sərgisinə, “Anadır arzulara hər zaman Qarabağ" sərgisinə ekskursiya təşkil olunub.