Akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda doğulmuşdur.
P.Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra bir müddət Məşədi Əzizbəyovun ev-muzeyinin direktoru işləmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1982-ci ildə akademik P.Əzizbəyova Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür.
Həmçinin P.Əzizbəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali məktəblərində dərs demiş, 1955-ci ildə dosent, 1962-ci ildə isə professor adını almışdır.
Akademik bir çox monoqrafiya və müxtəlif həcmli nəşrlərin, o cümlədən 300-ə yaxın məqalənin müəllifidir. Uzun müddət Ümumittifaq “Bilik” Cəmiyyətinin Bakı bölməsinə başçılıq etmişdir.
P.Əzizbəyova “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, “Rəşadətli əməyə görə” medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin iki Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Püstəxanım Əzizbəyova 1998-ci ildə Bakıda vəfat etmişdir.
Qeyd edək ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Püstəxanım Əzizbəyovaya məxsus olmuş çox sayda material- fotoşəkillər, orden və medallar, vəsiqələr və.s. qorunur.