Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu şəhid Rəşad Saləddin oğlu Atakişiyevə məxsus şəxsi əşyalar AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.
Bu gün şəhid Rəşad Atakişiyevin doğum günüdür. O, 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. İlk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə daxil olub, 2006-cı ildə məktəbi "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək, yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan R.Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan "Şahinlər" filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib. Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində də iştirak edib.
2019-cu il iyul ayının 24-ü plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşüb, qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olundu. Hərbi Pilot Polkovnik Leytnant Rəşad Atakişiyevə Şəhid statusu verilmişdir.
Qeyd edək ki, şəhid Rəşad Atakişiyevin muzeyin Vətən müharibəsi fondunda qorunan şəxsi əşyaları arasında 2013-cü ildə ABŞ Hava Qüvvələrinin Almaniyada təşkil etdiyi kursu uğurla bitirdiyinə dair sertifikatının surəti də yer alır.
Hərbi xidmət zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən R.Atakişiyevə verilmiş təltifləri aşağıda təqdim olunmuş fotoda izləyə bilərsiniz.