XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
13 Yanvar, 2022
Vətən müharibəsinin şəhidi Fəxrəddin Qurbanlının doğum günündən 28 il ötür

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Aprel döyüşlərinin şəhidi, Fəxrəddin Qurbanlının şəxsi əşyaları qorunur.

Qurbanlı Fəxrəddin Seyfəddin oğlu 1994-cü il 13 yanvar tarixində Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə təhsil alıb.

Q.Fəxrəddin 2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə ali təhsil alıb, əlaçı və nümunəvi tələbə kimi kollektivin yaddaşında iz qoymuşdur.

Həmçinin Qurbanlı Fəxrəddin “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi fəaliyyət göstərib.

2015-ci il iyul ayında hərbi xidmətə yollanıb. Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Aprelin 9-u isə doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınmışdır. Fəxrəddin Qurbanlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

Ölümündən sonra 2018-ci ildə Azərbaycan Universitetində Fəxrəddin Qurbanlı təqaüdü təsis edilmişdir və yaşadığı küçəyə onun adı verilmişdir.