XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
14 Yanvar, 2022
Görkəmli riyaziyyatçı-alim Zahid Xəlilovun doğum günündən 111 il ötür

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda görkəmli riyaziyyatçı-alim Zahid Xəlilova məxsus materiallar qorunur. Dəyərli sənədlər arasında dünyaca tanınmış azərbaycanlı riyaziyyatçı Zahid Xəlilovun konfranslarda iştirakı üçün müxtəlif ölkələr tərəfindən göndərilmiş dəvət məktublarını qeyd etmək olar. Bu səndlərdən xüsusi ilə akademik Z.Xəlilova məxsus Beynəlxalq Ryaziyyatçılar Konqresinin (International Congress of Mathematicians. 1962) üzvlük kartı diqqəti çəkir.

Görkəmli mütəfəkkir Xəlilov Zahid İsmayıl oğlu 1911-ci il  yanvarın 14-də Tiflis şəhərində anadan olmuşdur.

1955-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir. 1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda elmi fəaliyyətə başlamış, riyaziyyat və nəzəri fizika seksiyasını, daha sonra isə riyaziyyat bölməsini yaratmışdır. Azərbaycan SSR EA vitse-prezidenti (1957-1959), FizikaRiyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1959-1962), Azərbaycan SSR EA-nın prezidenti (1962-1967), Riyaziyyat və Mexanika İnstitutunun direktoru (1967-1974) olmuşdur.

Z.Xəlilov Azəbaycanda funksional analiz məktəbinin yaradıcısıdır. Kompleks dəyişənli funksiyalar və sinqulyar inteqral tənliklər vasitəsilə poliharmonik tənliklər sistemi üçün sərhəd məsələsini həll etmiş və alınmış nəticələri söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq etmişdir.  Normallaşdırılmış halqalarda və Banax fəzasında klassik sinqulyar inteqral tənliklər nəzəriyyəsini ümumiləşdirən tamam kəsilməz operatorlu xətti tənliklər nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir.

İlk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq etmişdir. SSRİ-də funksional analiz üzrə ilk monoqrafiyanın  (“Funksional analizin əsasları”. 1949, rus dilində) müəllifidir. 100-dən çox elmi işin və 4 monoqrafiyanın müəllifidir. 30-dan çox riyaziyyat elmləri namizədi və elmlər doktoru hazırlamışdır. Sovet Riyaziyyat və Mexanika Komitəsinin üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur. 1960-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

1964-cü ildə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. Akademik Zahid Xəlilov 1974-cü ildə vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Həmçinin məşhur riyaziyyatçıya məxsus digər materiallar muzeyin fotoneqativ materialları fondunda qorunur.

Qeyd edək ki, muzeydə akademik Zahid Xəlilova aid kolleksiyanın qorunması riyaziyyat elminin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.