17 yanvar 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Rusiya Federasiyasının Xantı-Mansiysk şəhəri Geologiya, neft və qaz muzeyinin elmi işlər üzrə direktor müavini, coğrafiya elmləri namizədi İvan Yaşkov və həmin muzeyin Ekspozisiya və sərgi şöbəsinin müdiri, böyük elmi işçi İrina Barışnikova ilə görüş keçirilib.
Görüşdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı və muzeyin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov, Fondların elmi uçotu və təsnifatı şöbəsinin müdiri, t.ü.f.d., dosent Məhfuzə Zeynalova qonaqları muzeydə görməkdən məmnun olduqlarını bildiriblər. Görüş zamanı muzeyin fəaliyyət istiqamətləri və muzeydə keçirilən sərgilər barədə qonaqlara ətraflı məlumat verilib.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dos., Səbuhi Əhmədov qonaqları muzeyin zəngin kolleksiyası əsasında keçirilmiş beynəlxalq səviyyəli sərgiləri haqqında da məlumatlandırdı.
Qonaqlar səfərlərinin mahiyyəti və məqsədi barədə söhbət açdıqdan sonra, görkəmli Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanova həsr etdikləri “Fərman Salmanov. Neft-qaz kəşflərinin salnaməsi («Фарман Салманов. Хроника нефтегазовых открытий»)” mövzusunda sərgi layihəsinin təqdimatını etdilər.
Daha sonra qonaqlar tərəfindən N.Vəlixanlıya İ.A.Yaşkov, İ.Q.Yakupova, Y.S.Podkopayeva və digərlərinin radaktorluğu ilə nəşr olunmuş "Neft Atlası. Rusiyanın neft və qaz tarixinə dair oçerklər" adlı kitab təqdim edildi. Kitab Rusiyanın neft və qaz tarixi yaddaşını vizuallaşdıran kartoqrafik, sənədli, bədii, foto, texniki və maddi mənbələrdən ibarət unikal bir topludur.
Qeyd edildi ki, Rusiyadakı muzey müəssisələrinin və kitabxanalarının əməkdaşları, professor-müəllim heyəti və universitet tələbələri, yanacaq-energetika kompleksi şirkətlərinin işçiləri, neft və qaz sənayesi veteranları, dövlət orqanlarının nümayəndələri də daxil olmaqla geniş auditoriyanın istifadəsi üçün nəzərdə tutulan Atlas ilk dəfə olaraq beynəlxalq səviyyədə Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olundu.
Görüşdə müxtəlif beynəlxalq sərgilərin, həmçinin onlayn elmi, maarifləndirici, interaktiv layihələrin gələcəkdə birgə həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.
Həmçinin qonaqlar muzey rəhbərliyini 2022-ci il 23-24 fevral tarixində Xantı-Mansiyskdə keçiriləcək “Neft paytaxtı” adlı ənənəvi neft forumuna dəvət etdilər.
Qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasını və sərgilərini ziyarət etdikdən sonra öz məmnunluqlarını bildirdilər.
Sonda qonaqlara muzeyin nəşrləri hədiyyə edildi və xatirə fotosu çəkildi.