19 yanvar 2022-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası, İnnovasiyalar və təhsil proqramları şöbəsi, Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Azadlığın qanlı gecəsi” adlı tədbir keçirildi.
Tədbirdə muzey əməkdaşları, Qərbi Kaspi Universitetinin müəllim və tələbə kollektivi iştirak etdilər. Tədbiri giriş sözü ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açaraq, 20 Yanvar faciəsi və nəticələri barədə məlumat verdi.
Tədbirdə muzeyin elmi katibi t.ü.f.d. Sevinc Nəsirova çıxış edərək, Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. S.Nəsirova qeyd edib ki, bu kimi ölkə səviyyəli və ya beynəlxalq tədbirlərin keçirilməsi ilə təbliğatlar düzgün aparılmalı və gənc nəsli bu istiqamətdə maarifləndirməliyik.
Daha sonra muzeyin Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aslan Qasımov həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edib.
Sonra Qərbi Kaspi Universitetinin Auditoriyadankənar işlər üzrə şöbəsinin müdiri t.ü.f.d. Günay Həsənova, muzeyin Etnoqrafiya elmi fond şöbəsinin kiçik elmi işçisi Fəridə Xəlilova, Qərbi Kaspi Universitetinin tələbəsi İbrahim İbrahimli 20 Yanvar hadisələri barədə ətraflı çıxış etdilər.
Həmçinin tədbirdə Azərbaycan Fotoqrafları Birliyi tərəfindən 20 Yanvar hadisələri zamanı çəkilmiş fotolardan ibarət foto-slayd da nümayiş olundu.
Tədbirin ikinci hissəsində Qərbi Kaspi Universitetinin tələbələrinin ifasında bədii hissə təşkil olundu. Bədii hissədə Universitetin filologiya ixtisasının II kurs tələbəsi Dəyanət Mahmudov “Şəhid qanı” şeirini (Zəlimxan Yaqub) ifa etdi və Teatr klubunun hazırladığı “Arzu” adlı tamaşa göstərildi.
Tədbirin sonunda muzey əməkdaşları Şəhidlər Xiyabanını ziyarət etdilər.