19 yanvar 2022-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi ekspozisiyası şöbəsinin sabiq müdiri, tarix üzrə fəlsəfə doktoru Zərifə Dulayeva 92 yaşında vəfat edib.
Qocaman muzey işçisi, dəyərli alim Zərifə Aleksandrovna Dulayeva 1929-cu il avqustun 28-də Neftçala şəhərində anadan olmuşdur. 1947-1952-ci illərdə Azərbaycan (Bakı) Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır.
1953-1968-ci illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda fəaliyyət göstərmiş, 1968-ci ildən Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın yeni və ən yeni dövr tarixinin elmi ekspozisiyası şöbəsinə rəhbərlik etmiş Z.Dulayevanın muzey işi sahəsində əvəzsiz xidmətləri olmuşdur. Muzeyin elmi ekspozisiyasının qurulmasında, elmi-ekspozisiya planlarının hazırlanmasında, materialın seçilməsində Zərifə Dulayevanın böyük təcrübəsinin və zəngin biliyinin, xüsusilə, cavan muzey işçiləri üçün görk olacaq əhəmiyyəti vardır. Onun elmi əsərləri Azərbaycanın yeni və ən yeni dövr tarixinə həsr edilmişdir. Muzeydə işlədiyi illərdə o, çoxlu sayda kitab və məqalələr yazmışdır. Bu əsərlərdə Azərbaycanın İkinci Dünya müharibəsində rolu, azərbaycanlıların Avropa Müqavimət Hərəkatında iştirakı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin fəaliyyəti, XIX əsrin sonu-XX əsrin əvvəllərində qadın təhsili, Azərbaycan neftçilərinin əmək rəşadəti və s. məsələlər öz əksini tapmışdır. Muzey fondlarında mühafizə edilən materialların bu yazılarda geniş istifadəsi həmin sənədlərin elmi dövriyyəyə daxil edilməsinə şərait yaratmaqla yanaşı, muzeyin zəngin irsinin təbliğinə imkan vermişdir.
Zərifə Dulayeva müxtəlif illərdə “Əməkdar mədəniyyət işçisi” fəxri adı, “Fədakar əməyə görə” və “Tərəqqi” medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur. Zərifə Dulayeva çoxillik elmi-maarifçilik fəaliyyəti ərzində qüsursuz işi, özünə qarşı yüksək tələbkarlığı, üzərinə düşdüyü vəzifəyə məsuliyyətlə yanaşması ilə seçilirdi. Onun insani keyfiyyətləri, həmkarları ilə münasibəti, cavan muzeyşünaslara muzey işinin incəliklərini öyrətmək qabiliyyəti kollektiv tərəfindən hər zaman rəğbətlə qarşılanırdı.
Ömrünü, əməyini, istedad və köməyini muzeyə həsr etmiş Zərifə xanım muzey əməkdaşlarının yaddaşında işini dərindən bilən və sevən muzey fədaisi, gözəl alim və kübar insan kimi qalacaq. Allah rəhmət eləsin!
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.