Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Ceyhun Həsənovun şəxsi əşyaları ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Həsənov Ceyhun Aydın oğlu 29.10.1985-ci ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri Xətai rayonu Ədalət Abbasov adına 257 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbdə təhsil aldığı müddətdə basketbol yarışlarında, fənn olimpiyadalarında fəal iştirak edib və naliyyətləri olub.
2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2002-ci ildə həmin liseydə 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş “Azərbaycan Əsgəri” bədii qiraət müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunmuşdur.
C.Həsənov 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Həmin məktəbi motoatıcı ixtisası üzrə bitirdikdən sonra Ceyhun Həsənova leytenant rütbəsi verilib.
Daha sonra təhsilini davam etdirmək üçün C.Həsənov Təlim Tədris Mərkəzinə zabit ixtisası kursuna göndərilib. 2009-cu ildə zabit ixtisas kursunu bitirib, 2 iyun 2010-cu ildə Müdafiə Nazirinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissəyə taqım komandiri vəzifəsinə göndərilib. 27 iyun 2011-ci ildə Ceyhun Həsənova baş leytenant hərbi rütbəsi verilib. Əlahiddə Ümumqoşun Ordu komandanının əmrinə əsasən 4 noyabr 2011-ci ildə N saylı hərbi hissədə bölük komandiri, 17 yanvar 2013-cü ildə taqım komandiri vəzifəsinə təyin olunub. 15 sentyabr 2015-ci ildə C.Həsənova kapitan hərbi rütbəsi verilib.
2019-cu il 21 oktyabr Beyləqan rayon N saylı hərbi hissəsinin korpusunda qərargah rəisi vəzifəsində işləyib. 2020-ci il avqust ayında Beyləqanda keçirilmiş hərbi təlimlərdə 1-ci yer qazandığına, eyni zamanda qüsursuz fəaliyyətinə görə C.Həsənova saat hədiyyə olunmuşdur. C.Həsənov həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo birinciliyində də “Fəxri fərman”la təltif olunub.
Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və həmin gün qəhrəmancasına şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına əsasən kapitan Ceyhun Həsənov “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı, Füzulinin azad olunmasına görə , Qubadlının azad olunmasına görə, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ceyhun Həsənovun ölümündən sonra 01.11.2021-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən Sadıqcan küçəsinə, həmçinin Prezident İlham Əliyəvin 04.11.2021-ci il tarixli əmri ilə Bakı şəhəri Xətai rayonu 48 nömrəli məktəbə Kapitan Həsənovun adı verilmişdir.
Qeyd edək ki, şəhid Ceyhun Həsənovun şəxsi əşyaları ailəsi tərəfindən muzeyin əməkdaşı Nüşabə Əsədovanın vasitəsilə muzeyin Vətən müharibəsi fonduna təhvil verilib.
Təltifləri
- (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
- (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)