XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
07 May, 2024
Muzeyin kolleksiyasından dahi şair Məhəmməd Füzuliyə həsr olunmuş medalı təqdim edirik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illiyi dövlət səviyyəsində qeyd edilir.

Böyük mütəfəkkir Məhəmməd Füzulinin vəfatının 400 illiyinə həsr edilmiş medalı təqdim edirik. Medal Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda mühafizə edilir.

1963-cü ildə muzeyə təhvil verilmiş medal 3 111 ədəd tirajla Leninqrad (indiki Sankt Peterburq) zərbxanasında tompak (mis və sink qarışığı) metalından istehsal edilib. Medalın üst tərəfində Məhəmməd Füzulinin büstü təsvir olunub və “Məhəmməd Füzuli 1498 – 1556” yazılıb. Arxa hissəsində isə şairin yaradıcılığının şah əsəri olan “Leyli və Məcnun” poemasından səhnə təsvir olunub və “Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının 400 illiyi” sözləri qeyd olunub.  Medalın müəllifi heykəltəraş-medalyer V.M.Akimuşkinadır.

Medal haqqında ilk məlumat Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında” adlı kataloqunda yer alıb.