Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Azərbaycanda “bazar” sözündən ibarət çoxsaylı dağ, çay, dərə və məkan adları mövcuddur - Adnabazar, Seyidbazar, Astraxanbazar, Bazarçay, Bazardüzü, Bazaryurd və s.
Yuxarı Qarabağın Xaçın nahiyəsində, Qubadlı, Zəngilan, Kəlbəcər, Sabirabad, Dəvəçi və Zaqatala rayonlarında Bazar adlı yaşayış yerlərinin olması bir sıra tədqiqatlarla təsdiqlənib. Məhz bu səbəbdən də bu zərbxananın dəqiq yerləşmə məkanı barədə qəti fikir söyləmək mümkün deyil.
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Elxani hökmdarı Süleymanın dövründə (hicri 739 – 746 = 1338 – 1345) Bazar zərbxanasında zərb edilmiş ikili gümüş dirhəm qorunur. Dirhəmdəki əksər yazılar ərəb qrafikası, yalnız hökmdarın adı uyğur qrafikası ilə həkk edilmişdir.
Dirhəmin üz tərəfinin mərkəzində üç sətir var. Birinci sətirdə ərəb əlifbası ilə "Sultan", ikinci sətirdə uyğur əlifbası ilə "Süleyman", üçüncü sətir ərəb əlifbası ilə "Allah onun hakimiyyətini davamlı etsin" sözləri həkk olunub. Bu yazıların ətrafında isə hicri təqvimi ilə zərb ili və zərbxananın adı oxunur: “Yeddi yüz qırx birinci ildə Bazarda zərb edilib”).
Dirhəmin digər üzünə isə “Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın elçisidir”, ətrafına isə dörd İslam xəlifəsinin adları (Əbubəkr, Ömər, Osman, Əli) həkk edilmişdir (foto 1).
Süleymanın hakimiyyəti dövründə Beyləqan, Bərdə, Naxçıvan, İrəvan, Təbriz, Ərdəbil və d. zərbxanalarda qızıl əşrəfilər (4,4 – 8 q), mis felslər (1 - 2 q) və dövrün əsas sikkələri, müxtəlif çəkili gümüş dirhəmlər (0,7 - 5,4 q) zərb edilmişdir. Məhz belə sikkələrdəki yazılara əsasən bu hökmdar “sultan” tituluna malik olmuşdur.
Numizmatik araşdırmalara əsasən Bazar zərbxanasının fəaliyyəti XIII əsrin sonunda başlamış və Elxani hökmdarı Ənuşirvan (hicri 745-757 = 1344 - 1356) dövründə də davam etmişdir.
Bazar gümüş dirhəmləri Naxçıvan, Şamaxı, Bakı, Beyləqanda aşkarlanıblar.
Foto 1. NF 6831. İkili gümüş dirhəm. Elxanilər. Süleyman (hicri 739 – 746 = 1338 - 1345), Bazar, hicri 741 = 1340-1341, 1,6 q.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.