XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
24 Sentyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasında “Dərbəndnamə”nin nadir nəşri qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasında Azərbaycanın, Qafqazın, İslam Şərqinin, Rusiyanın və digər regionların tarixinə dair minlərlə nəşr qorunur. Onların arasında 1898-ci ildə Tiflisdə çap olunmuş “Тарихи «Дербендъ-Наме»” (“Dərbəndnamə tarixi”) salnaməsi də yer alır.

“Dərbəndnamə” Dərbəndin və Şimali-Şərqi Qafqazın orta əsrlər tarixinin tədqiqi baxımından mühüm yazılı mənbələrdən biridir. Əsərin müxtəlif dillərdə təxminən 40 əlyazma nüsxəsi və Avropa dillərinə tərcümələri məlumdur.

1898-ci ildə “Dərbəndnamə”nin Azərbaycan dilindəki əlyazma nüsxələrindən biri rus dilinə tərcümə edilərək nəşr olunmuşdur. Tərcümə Xunzax əsilli general-leytenant Məqsud Əlixanov-Avarskinin təşəbbüsü ilə Qori Müəllimlər Seminariyasının keçmiş müəllimi Səfərəli bəy Vəlibəyov tərəfindən hazırlanmışdır. Nəşrdə əsərin müəllifliyi, müxtəlif əlyazma variantları, Sasani və ərəb hakimiyyəti, ərəb-xəzər münasibətləri, Dərbəndin müdafiə kompleksi və İslamın yayılması haqqında məlumatlar yer alır.

Salnamədə həmçinin Dərbəndin iqtisadi və siyasi inkişafından bəhs edilir. Хəlifə Əl-Mütəmidin (870–892) şəhərin neft quyuları və duz mədənlərindən istifadəyə, su təchizatına və ticarətin inkişafına dair fəaliyyəti qeyd olunur. 1064-cü ildə Dərbənd Şirvanşahların hakimiyyətinə tabe olmuşdur.

Bu nadir nəşr orta əsr Dərbəndinin və Şimali-Şərqi Qafqazın tarixinin araşdırılması baxımından qiymətli mənbədir.